Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən yaradılan xüsusi qruplar paytaxtın ictimai-iaşə obyektlərində monitorinqlərə başlayıb.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlərin məqsədi real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərin maarifləndirilməsidir.

Monitorinq zamanı, ilk növbədə, mütəxəssislər obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilməsi, qaz balonları və başqa qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyətini qiymətləndirilməsi nəzərdə tutulur. Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin rezin və digər materiallardan hazırlanan şlanqlarla çəkilən qaz xətləri aşkar edilib. Nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb, təhlükəsizlik texnikası qaydaları tələblərinə düzgün riayət edilməsi və digər məsələlərlə bağlı obyektlərin işçi heyəti ilə maarifləndirici söhbətlər aparılıb.

Monitorinqlərin ilk olaraq mərkəzi ərazidə və yaradılan digər qruplar tərəfindən bütün paytaxtın ictimai-iaşə və digər xidmət obyektlərində aparılması planlaşdırılır.

Monitorinqlər yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi nəzərdə tutulub.