UNESCO-nun İcraiyyə Şurasının 214-cü sessiyasında Azərbaycanın milli bəyanatı təqdim olunub.
Bildirilib ki, Azərbaycan 30 ilə yaxın Ermənistanın silahlı təcavüzünə məruz qalıb. Bir vaxtlar zəngin mədəni və təbii irsə malik Azərbaycanın kifayət qədər çiçəklənən əraziləri yerlə-yeksan edilib. Silahlı münaqişə başa çatdıqdan sonra Azərbaycan yenidənqurma və reinteqrasiya mərhələsinə qədəm qoyub. Azərbaycan genişmiqyaslı reabilitasiya və yenidənqurma səyləri ilə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən BMT-nin müvafiq ixtisaslaşmış qurumları və təsisatları ilə əməkdaşlığı davam etdirir. Bu istiqamətdə UNESCO-nun töhfəsini də səbirsizliklə gözləyir.
Azərbaycan hökuməti ölkədəki mədəni sərvətlərin vəziyyətini qiymətləndirmək üçün UNESCO tərəfindən müstəqil və qərəzsiz texniki missiyaya ev sahibliyi etməkdə maraqlıdır.