"Bakı metropoliteni" QSC üç yeni təsərrüfat qatarı (motovoz) istismara verib.

Qurumdan verilən məlumata görə, bu maşınlar gün ərzində depoda, gecə növbələrində isə tunellərdə sağlamlaşdırma və təmirin əsas hərəkətverici qüvvəsidir.

Ümumən sərnişinlərə təhlükəsiz və mədəni xidmət, əsasən, gecə növbələrində cəmi 3 saat ərzində görülən tədbirlərdən çox asılıdır. Motovozlardan aidiyyəti üzrə müxtəlif yüklərin - mal-materialların, mexanizm, alət və ləvazimatın, eləcə də işçilərin sahələrə çatdırılmasında istifadə olunur. Bu qatarlar əl ilə daşınması mümkün olmayan müxtəlif təyinatlı mexanizmlərlə və yüksəkliklərdə aparılan işlərə cəlb edilir. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, gecə növbələrində xətlərə 80-120 təsərrüfat qatarı çıxarılır.

Ümumən Bənövşəyi xəttin genişlənməsi ilə Xocəsən qəsəbəsində yerləşən elektrik deposunun birinci mərhələ üzrə istifadəyə verilməsi 2022-ci ilin sonuna nəzərdə tutulduğundan, habelə istismar müddətini başa vurmuş motovozların yeniləri ilə əvəzlənməsi günün vacib məsələləri sırasında yer alır.

Bakı metropolitenində 27 təsərrüfat qatarı var. Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.