Tamaşaçı auditoriyasının rəy və təkliflərini yerindəcə öyrənmək məqsədilə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Analitik Qrup üzvləri Sumqayıt şəhərinə səfər edib, şəhər ictimaiyyəti ilə görüş keçirilib.
Yerli tamaşaçı auditoriyasının rəy və təklifləri yerindəcə dinlənilib, fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Televiziyasının Analitik Qrupunun rəhbəri, Əməkdar jurnalist Faiq Hüsiyev, tanınmış diktor, Xalq artisti Roza Tağıyeva, İdman TV-nin direktor müavini Rövşən Binnətli və Əməkdar incəsənət xadimi İlham Rəhimli iştirak ediblər.
Azərbaycan Televiziyasının fəaliyyətinin müqayisəli təhlili, televiziya və radio layihələrinin aktuallığı və qiymətləndirilməsi barədə məlumat verilib, son dövrlərin keyfiyyət dəyişikliyi diqqətə çatdırılıb.
Görüşdə qeyd olunub ki, tamaşaçılarına müxtəlif sahələrlə bağlı zəngin verilişlər təqdim edən Azərbaycan Televiziyası dəyərlərimizi yaşatmaqla fəaliyyətini uğurla davam etdirir. Ədəbi dil normalarının və milli-mənəvi dəyərlərimizin qorunmasında AzTV, “Mədəniyyət” və “İdman” telekanalları, eləcə də Azərbaycan Radiosunun əvəzsiz xidmətləri var.
Bununla yanaşı, respublikamızın böyük şəhər və rayonlarında yaşayan izləyicilərin maraqlarına cavab vermək də televiziyanın prioritetlərindəndir.
Qarşılıqlı diskussiya şəraitində keçmiş görüşdə iştirakçıların rəy, irad və təklifləri dinlənilib.