Dörd Prezident Kiyevə gedir

Dörd Prezident Kiyevə gedir

13 Aprel, 13:13 Sosial mediada paylaşın:

Avropa İttifaqına üzv 4 ölkənin prezidentləri Kiyevə yola düşüblər.

Səfər çərçivəsində Polşa, Latviya, Litva və Estoniya prezidentləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər. Polşa Prezidentinin müşaviri səfərin Ukraynaya dəstək nümayiş etdirmək məqsədi daşıdığını bildirib.

Döyüşlərə gəlincə, Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket zərbələri endirilib. Xarkovda hava limanı yaxınlığında yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində peşə məktəbi və bir neçə binada yanğın baş verib, 2 nəfərin yaralandığı bildirilir.

Mariupola aviazərbələr davam etdirilib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat verib. Cənub əməliyyat komandanlığının yaydığı açıqamaya əsasən, son sutkada Ukraynanın cənubunda Rusiyaya məxsus 3 pilotsuz uçuş aparatı, 2 artilleriya qurğusu, reaktiv yaylım atəşi sistemi və digər texnika sıradan çıxarılıb. Həmçinin sursat anbarı məhv edilib. Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri taktiki vəziyyəti yaxşılaşdırmağa, Xerson və Nikolayev vilayətləri sərhədinə qayıtmağa çalışır. Cənub regionlarında infrastruktur obyektlərinə raket hücumu təhlükəsi yüksək olaraq qalır. Ukrayna Müdafiə Nazirliyi isə ölkənin bütün regionlarında intensiv hərbi əməliyyatların yenidən başlanması risklərinin olduğunu açıqlayıb. Bu səbəbdən sakinlərə öz evlərinə, o cümlədən Kiyevə qayıtmaq tövsiyə olunmur.

BMT isə Ukraynada müharibə başlayandan mülki əhali arasındakı itkilərlə bağlı son məlumatları açıqlayıb. Təşkilatın İnsan haqları üzrə ali komissarlığının hesabatına görə, 1842 dinc sakin həlak olub, 2500-ə yaxın insan yaralanıb. Şiddətli döyüşlərin getdiyi ərazilərdən məlumatlar gecikdiyindən dəqiq rəqəmlərin bundan xeyli çox olduğu hesab edilir.

Fərda Abasova

CANLI YAYIM