Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin martın 30-da güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçiminə müdaxilə halları müşahidə olunub. Bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilib.

Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, ilkin araşdırmalar aparılaraq faktla bağlı Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sistemi və məlumatlarına təkrar qanunsuz müdaxilə maddələri ilə cinayət işi başlanılıb. Onlar Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıblar. Martın 30-da “Güzəştli mənzil” informasiya sistemində kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə ediblər. Bu hərəkətlərlə onlar hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurublar. Həmin şəxslər təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb olunublar.  Cinayət işi üzrə araşdırmalar davam edir.