Elektrik enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədi ilə Azərbaycandan qonşu İran və Gürcüstana yüksəkgərginlikli elektrik veriliş xətti çəkilir. Bu, həm də ölkəmizdən Avropaya enerjinin ixrac imkanını artıracaq.
Gürcüstanla elektrik enerjisi mübadiləsində etibarlığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən bu ölkədən tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədi ilə 330 kilovoltluq “Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə nəzərdə tutulan 162 ədəd dayaqdan 124-ü artıq quraşdırılıb. Hava xəttinin 10 km hissəsində naqillər və 13 km hissəsində optik kabel asılıb.
Azərbaycanla İran arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq yeni elektrik verilişi xətti çəkilir. 68 km uzunluqda olacaq hava xəttinin artıq 177 dayağı quraşdırılıb, 8,7 km hissəsində naqillər asılıb.
Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması istiqamətində də işlər görülür. İxrac imkanlarının artırılması məqsədi ilə 330 kV-luq kilovoltluq “Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi layihələndirilir.
“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev Azərbaycan Televiziyasına açıqlamasında bildirib ki, dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidənqurulması enerjisistemlər arasında əlaqələrin etibarlığını daha da möhkəmlədəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq”.
“Azərenerji” ASC beynəlxalq elektrik veriliş xətləri ilə yanaşı, ölkə daxilində də yüksəkgərginlikli hava xətlərində yenidənqurma işləri həyata keçirir.
Aztv.az