Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın növbəti iclası keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, iclasda əvvəlcə “Distillə yolu ilə əldə edilən alkoqollu içkilərə dair sanitariya normaları və qaydaları” layihəsi müzakirə edilib. Şura üzvlərinə məlumat verilib ki, layihə müzakirələrdən, Şura tərəfindən təkliflər verildikdən sonra baxılması və təsdiq olunması üçün aidiyyəti qurumlara göndəriləcək.
Şura üzvləri Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının rəhbərliyinin və müxtəlif ət məhsulları şirkətlərinin nümayəndələrini dinləyib. Qeyd olunub ki, hazırda ət və ət məhsulları istehsalı ilə məşğul olan bəzi şirkətlər istehsal etdikləri məhsulların etiket məlumatlarında düzgün məlumatlar yerləşdirmir, nəticədə rəqabətlilik prinsipi ilə yanaşı istehlakçı hüquqlarını da kobud şəkildə pozurlar. Şura üzvləri isə bu barədə konkret şirkət və əmtəə nişanı adları ilə Şuraya və ya AQTA-ya müraciət etməyin zəruri olduğunu bildiriblər.
Müzakirələr sual-cavablarla davam etdirilib.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.