Ukrayna yenə də çətin günlər yaşayır. Bir müddət əvvəl Kiyevin mərkəzində Şərq ölkələrində münaqişələrin həllinə həsr olunmuş “Ştaynmayer düsturu”nun səbəb olduğu aksiya keçirilib. Mitinqçilərin nədən narazı olduqları o qədər də aydın deyil, çünki bu formul hələ keçmiş hakimiyyətin dövründə qəbul edilib.
Ukraynada baş verənlər haqqında, Media.Az Ukrayna Ali Radasının deputatı, hüquq elmləri doktoru, professor Aleksandr Merejko ilə söhbət edib.
- Siz yeni “maydan”nın yaxınlaşdığını hiss edirsinizmi?
- Ukraynada yeni “maydan” təhlükəsi olduğunu hesab etmirəm. Bu, keçmiş korrupsioner hakimiyyət tərəfdarlarının səfərbərliyidir. Onlar seçkini uduzublar və prezident Vladimir Zelenskinin “Ştaynmayer düsturu” ilə bağlı apardığı danışıqları bəhanə edərək, revanş götürməyə çalışırlar. Yeri gəlmişkən, sabiq prezident Pyotr Poroşenko bu düsturu bəyənirdi. Əgər o, prezident qalsaydı, danışıqları bu düsturla davam etdirərdi. Odur ki, əslində, bu, heç də münaqişənin nizamlanması məsələsi deyil. Bir də qeyd etmək lazımdır ki, etirazçıların sayı o qədər də çox deyildi. Etirazçıların əksəriyyəti “Ştaynmayer düsturu”nun nədən ibarət olduğunu belə anlamırlar. Yeri gəlmişkən, hətta mütəxəssislər belə bu planın nüanslarını hələ də müzakirə edirlər.
- Bir çox müşahidəçilər hesab edir ki, guya yeni hökumət qərarsızdır. Ali Radadakı “Xalqın xidmətçisi” fraksiyası, dövlət başçısı özü keçmiş komandanın korrupsiyalaşmış üzvlərinin təqibi üzrə cinayət işi ilə məşğul olmurlar.
- Bizdə hakimiyyətdə səlahiyyət bölgüsü var. Təbii ki, Prezident bununla məşğul olmamalıdır. Bizim müstəqil məhkəmə hakimiyyətimiz, prokurorluq, Milli Antikorrupsiya Bürosu (MAB), Dövlət İstintaq Büromuz (DİB) var. Fikrimcə, prokurorluq törədilmiş cinayətlər üzrə işlərlə məşğuldur. Daha sonra toplanmış materiallar məhkəmə orqanlarına, xüsusi antikorrupsiya məhkəməsinə veriləcək. Bizim üçün hüququn aliliyi, hakimiyyət qolları arasında səlahiyyət bölgüsü prinsipinə riayət olunması vacibdir. Hər şey qanun çərçivəsində davam edir. Prezident cəza verilməsinə, hökmlərin çıxarılmasına görə cavabdeh deyil. Onun Ukrayna Konstitusiyasının 106-cı maddəsində göstərilən digər funksiyaları var.
- Sizdən Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərinə səfər etməmək tövsiyəsinə Ermənistan XİN-in reaksiyası barədə fikrinizi soruşmaya bilmərəm. Yerevanda Ukrayna XİN-in bu bəyanatı hiddət doğurmuşdu…
- Ukrayna cəmiyyətində dünya ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı konsensu var. Bu, müzakirə olunmur. Beynəlxalq hüquq prinsiplərinə riayət olunması Ukrayna üçün prioritetdir. Dağlıq Qarabağ problemi isə beynəlxalq hüququn əsas prinsiplərinin Ermənistan tərəfindən pozulmasının yolverilməz hallarından biridir. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda çıxış etmişik və edəcəyik. Ermənistan isə törətdiyi cinayətlərə görə, beynəlxalq hüquqla bağlı tam məsuliyyət daşımalıdır. Bunu hər bir beynəlxalq hüquqşünas bilir.
- Gəlin, Ukraynadakı Azərbaycan diasporuna diqqət yetirək. O, kifayət qədər böyükdür. Sizin fikrinizcə, Azərbaycan diasporu nə dərəcədə fəaldır?
- Azərbaycan diasporu Ukraynanın ictimai-siyasi həyatında böyük və müsbət rol oynayır.
Bir vaxtlar azərbaycan diaspor nümayəndələrindən biri mənə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin belə bir ifadəsini sitat gətirmişdi: “Azərbaycanlılar yaşadıqları ölkənin vətənpərvərləri olmalıdırlar”. Məsələn, Ukraynada yaşayan azərbaycanlılar çox vətənpərvərdirlər. Mən buna dəfələrlə əmin olmuşam. Azərbaycanlılar əsl ukraynalılardır. Vətəni, yaşadıqları ölkəni müdafiə edirlər.
Mən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla tanışam və bizim yaxşı münasibətimiz var. O, Ukraynanın əsl vətənpərvəridir. Ukraynada yaşayan azərbaycanlılar da ölkəyə kömək edirlər. Mən buna qətiyyətlə əminəm.