Bu gün Azərbaycan Televiziyasının xəbər operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac) müxbiri Məhərrəm İbrahimovun Kəlbəcərdə peşə fəaliyyətini yerinə yetirərkən Ermənistan tərəfinin basdırdığı tank əleyhinə minaya düşərək həlak olmasından bir il ötür.

Ermənistanın 30 illik işğal dövründə törətdiyi vandalizmi dünyaya təbliğ etmək və sənədləşdirmək məqsədilə işğaldan azad olunmuş bölgələrimizdə çəkiliş aparan Azərbaycan Televiziyası və “Azərtac”ın bir qrup əməkdaşı ötən il iyunun 4-də Kəlbəcərin Susuzluq kəndində hərəkət olan yolda tank əleyhinə minaya düşüb. Nəticədə Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar. Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə şəhid statusu verilib.