“Azərbaycan və Polşa hökumətləri arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Saziş təsdiqlənməsi üçün Milli Məclisə daxil olub.
AZTV.AZ xəbər verir ki, sənəd ilk olaraq parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında müzakirə edilib. Komitə sədri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov və millət vəkilləri bu il mayın 31-də Bakıda imzalanan Sazişin milli maraqlara uyğun gəldiyini bildiriblər. Sazişdə məxfi kontraktlar, məxfi məlumatın mühafizəsi üzrə prinsiplər, ötürülməsi, çoxaldılması, tərcüməsi, məhv edilməsi və digər məsələlər əksini tapıb.
İclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları” və “Azərbaycan Respublikasının Dövlət bayrağının istifadəsi qaydaları” haqqında qanunlara təklif edilən dəyişikliklərə də baxılıb və məqbul sayılıb.
Dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə edilib.