“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də Türkiyə Radio və Televiziya Qurumunun Azərbaycanda olan nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdən əvvəl QSC-nin ərazisində milli mətbuatımızın şəhidlərinin xatirəsinə yaradılmış memorial abidə kompleksi ziyarət olunub.
Daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən Gəncəyə növbəti dəfə raket atılması nəticəsində şəhid olan mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
QSC sədri Rövşən Məmmədov Gəncə hadisələrinin işıqlandırılmasında, olduğu kimi dünyaya çatdırılmasında TRT-nin, həmçinin bütün Türkiyə mediasının rolunu vurğulayıb. Bildirib ki, türk jurnalistlər azərbaycanlı jurnalistlərlə çiyin-çiyinə həm Vətən müharibəsini, həm də ermənilərin mülki əhaliyə qarşı terrorunu peşəkarcasına dünyaya çatdırıb. İki qardaş ölkə informasiya müharibəsində birgə döyüşüb və proses bu gün də davam etdirilir.
AzTV-TRT əlaqələrindən danışan sədr iki qurumun əməkdaşlığının dövlətlərarası əlaqələrin inkişafına, ən əsası iki il öncə yaradılan Azərbaycan-Türkiyə media platformasına mühüm töhfə verdiyini qeyd edib.
Görüşdə TRT, TİKA, həmçinin “Anadolu Agentliyi”nin rəhbər şəxsləri çıxış edərək AzTV-TRT təcrübə mübadiləsinin media sektorunun inkişafı baxımından zəruriliyini xüsusi vurğulayıblar.
QSC-nin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Elnar Məmmədli isə AzTV-nin 40-dan çox TV kanalı ilə əməkdaşlıq etdiyini, lakin ən sıx münasibətlərin TRT ilə olduğunu bildirib.
Məlumat üçün deyək ki, TRT-nin nümayəndə heyəti artıq ikinci dəfədir AzTV-yə təcrübə mübadiləsinə gəlib. Səfər 1 həftə davam edəcək. Bundan əvvəl isə QSC-nin 6 əməkdaşı TRT-yə təlimlərə göndərilmişdi.