Oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşinqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb.
Xarici İşlər Nazirliyinin xəbərinə görə, baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ-nin müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim olunub. Məsələ ilə əlaqədar bu gün ABŞ-nin ölkəmizdəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib, Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin olunması tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Nazirliyin məlumatında bildirilir ki, son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktları ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin təhlükəsizliyinin təmini ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir.
Xarici İşlər Nazirliyi xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.