Qarşılıqlı təcrübə mübadiləsi və təlimlər üçün növbəti dəfə Bakıya gələn Türkiyə Radio və Televiziya Qurumunun sosial media və xəbər mütəxəssisi, tanınmış media araşdırmaçısı Bahadır Avşar “Azərbaycan Televiziya və Radio Verilişləri”nin Teleradio Akademiyasında “Rəqəmsal diplomatiya” mövzusunda mühazirə ilə çıxış edib.
O, ənənəvi medianın və sosial şəbəkələrin müasir tələbləri, eləcə də “metaverse” haqqında ətraflı məlumat verib. Medianın cəmiyyətə təsir gücünü xüsusi vurğulayan qonaq Vətən müharibəsi zamanı Azərbaycanın ənənəvi media qurumlarının hazırladığı informasiya və reportajların Qarabağ savaşında müstəsna əhəmiyyət daşıdığını bildirib.
O, həmçinin iştirakçılara sosial şəbəkələrin manipulasiyasına uymamağı, oxuduqları və gördükləri xəbərləri etibarlı mənbələrdən dəqiqləşdirməyi tövsiyə edib.
Akademiyanın rektoru Telli Pənahqızı maraqlı mühazirə üçün Bahadır Avşara təşəkkür edib, təlimlərin və fikir mübadilələrinin böyük əhəmiyyəti olduğunu vurğulayıb.
Görüşdə Akademiyanın müəllimləri və yeni qəbul olunmuş müdavimlər iştirak ediblər.