Türk səyyahlar Xudafərin körpüsündə

Türk səyyahlar Xudafərin körpüsündə

31 Oktyabr, 14:10 Sosial mediada paylaşın:

Türkiyə Səyyahlar Klubunun beynəlxalq səyahətçilərinin işğaldan azad edilmiş ərazilərə səfərinin növbəti ünvanı işğaldan azad edilən Cəbrayıl rayonu olub. Salman Arıncın rəhbərlik etdiyi 30 nəfərlik heyət unikal tarixi abidə olan Xudafərin körpüsünə gəlib.

Səyyahlara 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun böyük qəhrəmanlığı nəticəsində azad olunan Cəbrayıl şəhəri, o cümlədən Xudafərin körpüsü barədə, həmçinin Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət izləri haqqında məlumat verilib.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüləri Azərbaycan memarlığının dəyərli abidələridir. Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri 11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər orta əsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbər verir. Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər də dağıntılara məruz qalıb, işğal illərində evlər talan olunub, təbiət isə məhv edilib. Burada da bir çox tarixi-dini abidələr ermənilər tərəfindən təhqir edilib, məscidlər heyvan saxlancı kimi istifadə olunub, qəbirlər qazılaraq dağıdılıb. Vurğulanıb ki, məhz işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurda həyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələr üzrə işlər aparılır.

Qeyd edək ki, türk səyyahların səfəri işğaldan azad olunmuş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında mühüm əhəmiyyət daşıyır. Ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomadmaniya) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfər edilib. Bu səfərlərdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.

CANLI YAYIM