Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də olub.
QSC sədri Rövşən Məmmədovla səfirin görüşündə iki ölkə arasındakı əlaqələrin intensiv şəkildə inkişaf etdiyi, bu istiqamətdə hər iki dövlətin rəhbərlərinin ciddi səylər göstərdiyi vurğulanıb.
R.Məmmədov qeyd edib ki, Azərbaycanın ən köklü televiziya kanalı olan AzTV Misir televiziya kanalları ilə əməkdaşlıqda maraqlıdır.
Diplomat AzTV ilə Misir televiziya kanalları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səfirliyin dəstək verəcəyini söyləyib. Görüşdə televiziya kanallarının bir-birinə mütəxəssis göndərməsi və təcrübə mübadiləsinin aparılması üçün danışıqların aparılması qərara alınıb.