Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyəti 2020-2022-ci illər ərzində Bakı metropoliteni üçün yeni vaqonlar istehsal edəcək.
Bu barədə AZTV.AZ-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar Rusiyanın Moskva vilayətinin Mıtişşi şəhərində “Metrovaqonmaş” Səhmdar Cəmiyyəti ilə müqavilə imzalanıb. Müqaviləni “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin baş direktoru Boris Boqatıryov imzalayıblar.
Müqaviləyə əsasən, il ərzində şirkət Bakı metropoliteni üçün ümumilikdə 20 vaqondan ibarət 4 qatar tərkibi istehsal edəcək. Beləliklə, üç il ərzində zavodda Bakı metropoliteni üçün 60 müasir tipli vaqon və yaxud 12 qatar tərkibi hazırlanacaq.
Bununla Bakı metropolitenində istismar müddətini başa vuran vaqonlar xətdən çıxarılaraq yeniləri ilə əvəzlənəcək.
İstehsal olunacaq 81-765.B/766.B modelli vaqonlar innovasiyalar baxımından ən müasir - 4-cü nəslə mənsubdur və sifarişçinin təklif etdiyi texniki şərtlər əsasında hazırlanacaq.