Son günlər ölkəmizin, demək olar, hər rayonu, şəhəri ağ örpəyə büründü. Qarda şəkil çəkdirənlər də oldu, qartopu oynayıb, uşaq kimi sevinənlər də, bol oksigenli hava almaq üçün gəzintiyə çıxanlar da.
Amma yürüşə çıxanların yanında 4 ayaqlı dostlarını görə bilmədik. Çünki xüsusi diqqət tələb edən cins itlər və pişiklər bu qədər soyuğa öyrəşməyiblər.
Bəs həyatda qalmaq üçün mübarizə aparan, tək ehtiyacı kiçik sığınacaq və bir qab yemək olan küçə heyvanları?..
Sığalladıqda ruhumuza toxunan bu canlılara bəzən insanlar elə “toxunur” ki, bu da həmin varlıqların həyatına son qoyur. Küçə heyvanlarına biganəlik azmış kimi, onlara odlu silahla atəş açan, gördüyü yerdə təpiklə vuran, hətta boynuna ip salıb asanlara da rast gəlirik.
Nə yaxşı ki, dünyada belə “insan”larla yanaşı, heyvansevərlərin də sayı az deyil: müsahiblərimiz Eldar Rüstəmov və Nərmin Abullayeva kimi. Onlar artıq 3 ildir ki, ƏDV-lərdən gələn məbləğ hesabına, göndərilən yardımlarla küçə heyvanlarının yaralarını sağaldır və onları sahiblənmək istəyənlərə dəstək göstərir.
Onlar deyir ki, küçə heyvanlarının ən çox əziyyət çəkdiyi fəsil qışdır. Buna görə onlara soyuq aylarda qayğı göstərmək daha vacibdir.
“Biz yuvalar hazırlayıb, restoran və marketlərin qarşısına qoyuruq, bununla da onlar soyuqdan qorunmuş olur. Biz istərdik ki, hər bir restoran, kafe öz məkanının qarşısına bir yuva düzəldib qoysun. Bununla da onlara dəstək ola bilsinlər. Bunların qiyməti isə elə də baha deyil, 30-40 manat arası məbləğdir”, - deyə N.Abdullayeva qeyd edib.
Təəssüf ki, bu gözəl təşşəbbüsə kölgə salanlar da olur. Qutuları sındırırlar, oğurlayırlar.
Müsahiblərimizin heyvansevərlərdən kiçik bir xahişləri də var:
“Biz bəzi market və kafelərə ianə qutuları yerləşdirik. Təəssüf ki, bunun üçün müraciət edəndə həmişə müsbət cavab ala bilmirik. Biz istərdik ki, bunun üçün bizə dəstək olsunlar, daha çox yardım daha çox heyvana dəstək deməkdir”.
Eldarla Nərmin heyvanlara zülm edənlərin qanunla daha ağır cəzalar almalı olduğunu düşünür. Onların fikrincə, xarici ölkələrdəki kimi bir neçə illik həbs cəzasının qüvvəyə minməsi heyvanlara qarşı zorakılıq əməllərinin sayını xeyli azaltmış olar.
Gəlin, sığalladıqda ruhumuza toxunan bu gözəl varlıqları qoruyaq. Çünki bütün canlılara olan sevgi insanın ən gözəl özəlliyidir.
Semral Cavad
Soltan İbrahimov