Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb

Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb

28 Fevral, 16:25 Sosial mediada paylaşın:

Bakıda Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının bir illiyinə həsr olunmuş “Rusiya-Azərbaycan münasibətləri XXI əsrdə: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda konfrans və Rusiya-Azərbaycan Ekspert Şurasının üçüncü iclası işə başlayıb.

Tədbirlərdə Rusiya və Azərbaycanın tanınmış politoloqları, Milli Məclisin deputatları iştirak edirlər.

Yüksək səviyyəli iclasın açılışında Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və Rusiya Beynəlxalq Məsələlər Şurasının Baş direktoru Andrey Kortunov çıxış ediblər. Regional təhlükəsizlik, qarşılıqlı siyasi fəaliyyət, iqtisadi əməkdaşlıq və qarşılıqlı humanitar fəaliyyətə dair kompleks məsələlərə aid aparılan müzakirələrin vacibliyi vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı ilə apardığı danışıqlar və mətbuat konfransında toxunulan geniş məsələlər spektri barədə söz açıb. İclas iştirakçılarını salamlayan nazir vurğulayıb ki, Rusiya-Azərbaycan Ekspert Şurası qısa müddət ərzində iki ölkə ekspertlərinin daimi fəaliyyət göstərən əməkdaşlıq formatına çevrilib.

Ekspert Şurasının fəaliyyətinin diplomatlara yaxşı kömək olduğunu bildirən Azərbaycan XİN başçısı deyib: “Bizim bütün səviyyələrdə fəal qarşılıqlı əlaqələrimiz siz ekspertlərin arxayınlaşmasına imkan vermir, sizə zəngin material təqdim edir ki, bu materiallardan da öz tədqiqatlarınızda, ekspert qiymətləndirmələrinizdə istifadə edə bilərsiniz”.

Nazir Ceyhun Bayramov deyib: “Qurulan diplomatik münasibətlərin kifayət qədər mürəkkəb tarixi zaman kəsiyi olan 30 illik dövrü ərzində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bu, çoxillik ikitərəfli qarşılıqlı fəaliyyətin məntiqi nəticəsidir və bir sıra elementlərə əsaslanır. Mən onların arasında, ilk növbədə, liderlərimizin etimada əsaslanan şəxsi münasibətlərini və qarşılıqlı anlaşma səviyyəsini qeyd etmək istərdim”.

CANLI YAYIM