Ötən gün Ermənistan tərəfinin təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Zalov, Elşad Həsənov və Səbuhi Tağıyevlə bu gün vida mərasimi keçirilib.
Şəhid Vidadi Zalovun cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında, şəhid Elşad Həsənovun cənazəsi Ağstafa rayon Şəhidlər xiyabanında, şəhid Səbuhi Tağıyevin cənazəsi isə Şahbuz rayonu Badamlı qəsəbəsində torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidlərin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Allah rəhmət eləsin!