Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında pley-off vəsiqə qazana bilər.

Ötən mövsüm sözügedən turnirin C Liqasında yer aldığı 3-cü qrupu Qazaxıstandan sonra ikinci sırada tamamlayan yığma üçün tarixi şans yaranıb.

Reqlamentə əsasən, Millətlər Liqasında öz qruplarında ilk pilləni tutan komandalar pley-off mərhələsində oynamaq hüququ əldə edirlər.

Həmin liqada bu missiyanın öhdəsindən gələn Türkiyə millisi AVRO-2024-ün seçmə mərhələsindən Avropa çempionatına vəsiqə qazandığı üçün “ay-ulduzlular”ı pley-offda ən yaxşı göstəriciyə malik qrup ikincisi əvəzləyəcək. Bu isə Lüksemburq seçməsidir. Millətlər Liqasında öz qrupunu 11 xalla ikinci pillədə başa vuran kollektiv Azərbaycan yığmasını cəmi bir xal qabaqlayıb. Bu səbəbdən Canni De Byazinin başçılıq etdiyi komanda seçmə mərhələdə Türkiyədən başqa, Lüksemburq, Qazaxıstan və ya Yunanıstan yığmalarından birinin Avropa çempionatına vəsiqə qazanmasına ümid etməlidir. Çünki Qazaxıstan və Yunanıstan seçmələri də C Liqasında öz qruplarını ilk sırada tamamlayıblar.

Lüksemburq və Qazaxıstan millilərinin seçmə mərhələdən qitə çempionatına yollanması çətin görünsə də, Yunanıstan bu tur vəsiqənin taleyini həll edə bilər. Yunanlar doğma meydanda Niderlanda 4 top fərqi ilə qalib gəlsələr, gələn il Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanacaqlar. Bu isə Azərbaycan yığmasının pley-off mərhələsinə yolunu açacaq.

AVRO-2024, seçmə mərhələ

VIII tur

16 oktyabr

B qrupu

22:45. Yunanıstan – Niderland

22:45. Cəbəllütariq – İrlandiya

Xal durumu: Fransa – 18 xal (6 oyun), Yunanıstan – 12 (6), Niderland – 9 (5), İrlandiya – 3 (6), Cəbəllütariq – 0 (5)

Qeyd edək ki, Millətlər Liqasında pley-off oyunlarından sonra hər liqadan bir komanda Avropa çempionatının final mərhələsində oynamaq hüququ qazanacaq.