“Parlament vaxtı” verilişinin budəfəki qonaqları millət vəkilləri Cavid Osmanov və Naqif Həmzəyev olub.
Millət vəkilləri verilişdə parlamentdə irəli sürdükləri bir neçə təklifi şərh ediblər.
C.Osmanov ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə danışarkən qeyd edib ki, dövlət bu sahəyə olduqca həssas yanaşır və bu yanaşma özünü 2020-ci ilin dövlət büdcəsində də göstərir.
Millət vəkili uğurlu gənclər siyasətinin həyata keçirilməsində Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyinin rolunu qeyd edib. “Gənclər siyasətinin ən ucqar kəndlərimizdə belə daha keyfiyyətli icrası üçün gənclər və idman idarələrinin icra nümayəndəliyinin yaradılmasına ehtiyac var”, - deyə millət vəkili təkliflə çıxış edib.
Millət vəkili Naqif Həmzəyev isə regionlarda da idman mərkəzlərinin tikintisinin stimullaşdırılması zərurətini qeyd edib: “Təəssüflər olsun ki, sahibkarlar regionlarda idman klublarının, yoqa və fitnes mərkəzlərinin tikilməsinə maraq göstərmirlər. Biz onları təşviq etməliyik. Təklif etdim ki, regionlarda idman mərkəzləri tikəcək sahibkarlara vergi güzəştləri edilsin”.