Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.
Bundan başqa, ölkə başçısı İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
Prezident İlham Əliyevin digər Sərəncamlarına əsasən isə Sumqayıtda yeni ümumtəhsil məktəbi binası və yeni “ASAN xidmət” mərkəzi tikiləcək.
Sərəncamlarla müvafiq olaraq Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.