Rusiyada Xəzəryanı ölkələrin media platforması yaradılıb. Həştərxanda keçirilən tədbirdə Azərbaycandan olan media mütəxəssisləri Xəzər hövzəsi ölkələrinin birgə redaksiyasının yaradılması təklifi ilə çıxış ediblər.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələr üçün mühüm addım oldu və bu, özünü bir çox sahələrdə, xüsusilə də medianın inkişafında göstərdi”.
Bu fikirlər Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın media mütəxəssislərinin, jurnalistika fakültəsinin tələbələrinin iştirak etdiyi “Xəzəryanı ölkələrin media məktəbi” adlı tədbirdə vurğulanıb. Rusiya Prezidentinin Qrantlar üzrə Fondunun layihə rəhbəri Radmila Davidova Xəzəryanı ölkələrin əlaqələrində, inteqrasiyasında medianın rolunu xüsusi vurğulayıb, Xəzəryanı ölkələrin inkişafında media platformasının əhəmiyyətli işlər görəcəyinə ümidvar olduğunu bildirib.
Həştərxan Dövlət Dumasının nümayəndəsi təmsil etdiyi qurumun hər zaman medianın informasiya əldə etməsinə, informasiya yayılmasına yardımçı olduğunu diqqətə çatdırıb. Həştərxanın Beynəlxalq və İqtisadi Əlaqələr Nazirliyinin Analitik-informasiya üzrə şöbə müdiri İlya Toropitsın isə deyib ki, beynəlxalq münasibətlərin inkişafı məhz insanların münasibəti əsasında qurulur.
Bakı Dövlət Universitetinin dosenti Zaur Babayev Xəzər hövzəsi dövlətlərinin vahid informasiya resurslarının, ümumi redaksiyanın yaranması təklifi ilə çıxış edib. Bir sözlə, beynəlxalq tədbirdə informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyi bildirilib.
Müzakirələrin sonunda Xəzəryanı dövlətlərin media platforması yaradılıb. Məqsəd Xəzəryanı ölkələrin iqtisadi, siyasi, mədəni inkişafı ilə bağlı medianın fəaliyyətinin genişləndirilməsi və bir şəbəkə halına salınmasıdır.
Tədbir yeni və ənənəvi medianın fəaliyyəti, informasiya mənbələri, sosial mediada yayılan saxta məlumatların araşdırılması kimi mövzularla davam edib.
Vəfa Ağabaleyava