Oğuz rayonunda yanan meşələrin və kəsilən ağacların meşə bərpa işlərinə başlanılıb.

Rayonun Calud və Xaçmaz kəndlərində sakinlər, kənd ağsaqqalları, məktəblilər, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə əvvəllər qırılmaya və yanğına məruz qalan meşə sahələrinə toxumlar səpilib, ağacəkmə aksiyası keçirilib.

Payız ağacəkmə mövsümü ilə bağlı aksiyanın keçirilməsində məqsəd yararsız və istifadəsiz qalan meşə fondu torpaqlarının potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü ərazilərin artırılmasına nail olmaqdır.

Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları ilə birgə rayonun 100-dən çox sakini iştirak edib.

Aksiya zamanı ümumilikdə 10 hektar sahədə torpaq yumşaldılıb, əraziyə müxtəlif növ meşəcinsli ağacların, əsasən də palıd ağacının toxumları səpilib və tinglər əkilib. Bu cür meşəbərpa tədbirləri Qəbələ ilə yanaşı, digər bölgələrdəki meşə fondu ərazilərində də həyata keçirilir. Ümumilikdə bu ilin payız ağacəkmə mövsümündə 9 min hektar sahədə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub. Növbəti illərin ağacəkmə mövsümlərində də bu kimi tədbirlər davam etdiriləcək.

Kütləvi ağacəkmə tədbirləri ilə meşə sahələrinin yerli əhali və ictimaiyyət nümayəndələri ilə birgə mühafizəsi, meşə örtüyünün daha da artırılması, yaşıllıqlara qayğı ilə yanaşılması təşviq olunur, yerli əhali ilə birlikdə meşəbərpa tədbirlərinin aparılması ənənəsinin başlanğıcı qoyulur.

Vəfa Ağabalayeva