Kiyevdə keçirilən GUAM Parlament Assambleyasının (PA) növbəti sessiyasında Ermənistanın işğalı nəticəsində öz yurdlarından didərgin düşən azərbaycanlı qaçqınların hüquqları müzakirəyə çıxarılıb.
Sessiyada iştirak edən Azərbaycan Milli Məclisinin deputatı Azər Kərimli bildirib ki, artıq 30 ilə yaxındır Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlayır və bunun nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkün öz yurdundan didərgin düşüb, onların hüquqları pozulub.
O qeyd edib ki, beynəlxalq təşkilatlar insan hüquqlarının müzakirəsi zamanı azərbaycanlı qaçqınların hüquqlarını unudur və bu, aradan qaldırılmalıdır: “Azərbaycanlı qaçqınların Ermənsitan tərəfindən tapdalanan hüquqları nəzərə alınmalıdır”.
Azər Kərimli işğal faktoru ilə yanaşı, Ermənsitanın öz ərazisində yaşayan azərbaycanlıları da etnik təmizləməyə məruz qoymasını qabardıb. Azərbaycan dövləti tərəfindən hazırda qaçqınlara yüksək şərait yaradıldığını diqqətə çatdıran A.Kərimli bildirib ki, azərbaycanlıların öz yurdlarına qayıtması üçün Ermənistan işğala son qoymalıdır: “Amma buna baxmayaraq, Ermənistan nəinki işğal ilə bağlı BMT-nin 4 qətnaməsinə və Avropa Şurasının qərarlarına məhəl qoymur, eyni zamanda regional təhlükəsizliyi hələ də təhdid edir. Bununla Ermənistan erməni xalqının özünü də acınacaqlı duruma salıb”.
Sessiyada iştirakçı dövlətlərin nümayəndələri (Ukrayna, Moldova və Gürcüstan) işğalı pisləyərək, həmkarlarının çıxışını dəstəkləyiblər.
Qeyd edək ki, sessiyada Azərbaycanı deputatlar Azər Kərimli, Əli Məsimli və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil edir.