Yazıçı-dramaturq, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli geniş təqdimata ehtiyacı olmayan qələm sahiblərimizdəndir. Xalq yazıçısı Anar onun haqqında belə deyib: “Elçin Hüseynbəyli yeni dövr Azərbaycan ədəbiyyatının ən layiqli təmsilçisi, istedadlı, olduqca maraqlı, bənzəri olmayan bir nasirdir”.

Elçin Hüseynbəylinin əsərləri ali və orta məktəblərdə tədris olunur. Səkkiz romanı, yüzdən çox hekayəsi işıq üzü görüb, onlarla esse və bədii məqalənin müəllifidir. Kitabları  (“Rəqs edən oğlan”, “Balıq adam”, “İki nəfər üçün oyun”, “Cənab 21-ci əsr”, “Tut ağacı boyunca”, “Şimallı gəlin”, “Metro vadisi” və s.) ingilis, rus, alman, fransız, polyak, ukrayn, fars dillərinə tərcümə olunub, türkdilli xalqların dillərinə uyğunlaşdırılıb. Teatrlarımızda 9 pyesi tamaşaya qoyulub.

İxtisasca jurnalist olan Elçin müəllimin mətbuat sahəsində də danılmaz xidmətləri var. O, müxtəlif illərdə “Ulduz” jurnalının, “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifələrində çalışıb, “Güney Qafqaz” dərgisinin (rus dilində) Azərbaycan üzrə koordinatoru və redaktorudur.

Bir sözlə, Elçin Hüseynbəyli daim mövzu axtarışlarında, yazıb-yaratmaqda, oxucu auditoriyasını gündən-günə genişləndirməkdədir.

Əziz dinləyicilər, yazıçı-dramaturq Elçin Hüseynbəylini daha yaxından tanımaq, müasir ədəbiyyatımız barədə fikir və mülahizələrini

bilmək istəyirsinizsə, iyulun 2-də saat 15.05-də birbaşa efirdə olacaq “Sözdən söz” verilişinə qulaq asmağı unutmayın (Müəllif və aparıcı Mahəddin Əsgərovdur).