Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. İclasda Azərbaycan Prezidentinin Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğun olub-olmamasına dair sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iclası açaraq Plenumun tərkibini elan edib və müzakirəyə çıxarılan məsələ barədə məlumat verib. Sonra Fərhad Abdullayev məruzəçi hakimlərə söz verib.

İclasda sorğuverən tərəfin nümayəndəsi qismində Azərbaycan Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, cavab verən tərəfin nümayəndələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Nəsib Şükürov iştirak ediblər.

Çıxışlardan sonra Konstitusiya Məhkəməsi Plenumu müşavirəyə gedib.

Yekun olaraq “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul olunub.

Konstitusiya Məhkəməsinin Plenumunun qərarında o da vurğulanıb ki, yeni parlament formalaşana qədər hazırkı parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.