Abşeron dairəvi dəmir yolu xəttində aparılan yenidənqurma işləri və yeni stansiyanın istifadəyə verilməsi həm vaxta qənaət, həm də məsafə azalmasına xidmət edir. Bu istiqamətdə işlərin davamı olaraq Bakıya 2 yeni elektrik qatarı gətirilib. Qatarın birinin Bakı-Sumqayıt, digərinin isə Bakı-Pirşağı istiqamətində hərəkət edəcəyi nəzərdə tutulub.
Yeni qatarların gətirilməsi həm sərnişinlərin rahatlığı, həm də avtomobil yolunun yükünün azalması deməkdir. Qatarlar müasir texnoloji avadanlıqla, kondisioner və istilik sistemi ilə təchiz edilib, qapıların açılıb-bağlanması xəbərdarlıq sistemi ilə həyata keçirilir. Burada həmçinin fiziki məhdudiyyətli şəxslərin rahat gediş-gəlişini təmin etmək üçün xüsusi yer də ayrılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Natəvan Bayramova qatarlarda 371 oturacağın sərnişinlərin ixtiyarında olduğunu deyib: “Onlardan 9 yer 1-ci sinif, 62 yer biznesdir, standart yerlərin sayı isə 300-dür. Beləliklə , İsveçrənin “Stadler realium” şirkətindən alınan qatarların sayı 9-a çatıb”.
İsveçrədən daha 6 birmərtəbəli qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək.
Orxan Qasımlı