Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut açılır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Belə ki, dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək.

Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan, Horadiz olacaq.

Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə Sumqayıt-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz, Cocuq Mərcanlı kəndidir.

Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 km, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 km, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 km-dir.

Qeyd edək ki, Cocuq Mərcanlı kəndində 508 nəfər sakin yaşayır.

Məlumat üçün bildirək ki, Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi 1994-cü ildə Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilib. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində qaldığından burada sakinlərin təhlükəsiz yaşayışı mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması bu təhlükəni aradan qaldırdı.

Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirildi, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkildi.

Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib.