Şəffaflıq ali təhsil müəsissələrinə qəbul imtahanları zamanı əsas şərtdir. Bu şərti təmin etmək üçün Dövlət İmtahan Mərkəzi (DİM) xəbərdarlıq edir: başqasının yerinə imtahan vermək istəyən, cavab kartını saxtalaşdıran şəxslər ciddi cəzalandırılacaq.

Söhbət ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarından gedir.

DİM-in mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, analoji hallarla bağlı araşdırmalar aparılıb: “Məlum olub ki, bir qrup şəxs müəyyən insanlarla cinayət əlaqəsinə girir və zəif abituriyentlərə onların əvəzinə imtahanlarda iştirak etmək təklifi edir. 3 belə hal müəyyən olunub ki, bu şəxslər bir neçə abituriyentin yerinə müxtəlif imtahanlarda, iştirak ediblər”.

Sözügedən fakt Gəncə və Mingəçevir şəhərində baş verib. Dövlət İmtahan Mərkəzi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb. Prosesin davamı olaraq Konstitusiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib.

Hüquqşünas Səməd Vəkilov deyir ki, sənədləri öz xeyrinə saxtalaşdıran, həmçinin digər şəxsin xeyrinə imtahana qoşulan şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə rəsmi sənədləri saxtalaşdırdığına görə cinayət məsuliyyəti yaradır: “Burada alternativ cəzalar da nəzərdə tutulub. Belə ki, 3000-dən 6000 manata qədər cərimə cəzası, o cümlədən iki ilədək şərti cəza, 2 il azadlıqdan məhrumetmə cəzası həmin hərəkətlərə görə nəzərdə tutulub”.

DİM 2018-ci ildən etibarən imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə üzün tanınması texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə edir. Bu texnologiya imtahana giriş zamanı iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. 2020-ci ildən sözügedən sistemin bütün ölkə üzrə tətbiqinə başlanılacaq.

Ayşəm Rüstəmova