Xırdalan dairəsi ətrafında genişləndirmə işləri aparılır. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, xüsusən günün pik saatlarında tıxacın yaranmasının qarşısını almaq məqsədilə, prezident İlham Əliyevin tapşırığına əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 km-dən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işlərinə start verilib.

Xırdalan dairəsi ərtafında aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan davam etdirilir. Layihəyə əsasən, yol kənarında tökmə torpaq hissələri qazılaraq çıxarılır. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılması nəzərdə tutulur. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək.

Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılacaq.

Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi nəzərdə tutulur ki, hazırda bu istiqamətdə sənədləşmə işləri aparılır.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə magistralın sözügedən hissəsində əlavə geriyə dönüş yolunun inşası, həmçinin magistrala Binəqədi və Biləcəri qəsəbələrindən alternativ giriş-çıxışına imkan verən mövcud yolların yenidən qurulması işləri də həyata keçiriləcək. Ümumilikdə ölkə başçısının tapşırığına uyğun olaraq, ərazidə aparılan yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.