“Vaxtilə Bakıda mövcud olmuş travmay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir”.

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov keçirdiyi mətbuat konfransında məlumat verib. Qeyd edib ki, məsələ ilə bağlı xarici şirkətlərə müraciət edilib, hazırda biznes plan hazırlanır.

Bundan başqa, C.Qurbanovun sözlərinə görə Bakı-Sumqayıt dəmiryolu xəttində müşahidə edilən sərnişin sıxlığı aradan qaldırılacaq. Hazırda Bakı-Sumqayıt istiqamətində qatarlar səhər saat 11-dək, axşam saat 16-dan sonra hərəkət edir. Sözügedən yolla təkcə sərnişinlər deyil, yüklərin daşınması da sıxlığa səbəb olur.

Mətbuat konfransında Abşeron dairəvi dəmiryolu xəttinin açılışından sonra qatarların yolunun uzanacağı da vurğulanıb. Bu isə intensivləşməni artıracaq. Xəttə yeni qatarların cəlb edilməsi qaçılmaz olacaq. Beləliklə qatarların sayı artırılmaqla sıxlığın qarşısı alınacaq. Onu da deyək ki, İsveçrənin “Ştadler” şirkəti ilə danışaqlar aparılır, 2021-ci ildə ölkəyə yeni qatarların gətirilməsi planlaşdırılır.

İcrası davam edən digər bir layihə isə Ləki dəmiryolu stansiyasından Qəbələyə çəkilən dəmiryolu xəttidir. Uzunluğu stansiya yolları ilə birgə 46 km olan yolun növbəti turizm mövsümündə istifadəyə verilməsi planlaşdırılır.

Digər bir yenilik isə Bakı-Gəncə istiqamətində fəaliyyət göstərən qatarların marşrutunun Ağstafaya qədər uzadılmasıdır. Qurum sədri, həmçinin dəmiryolu xətlərinin yaxınlığında fərdi ev tikən və yaxud tikmək istəyən vətəndaşlara da müraciət edib.

Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sərnişin daşımasının təşkili ilə bağlı da işlər aparılır. Yaxın vaxtlarda sərnişindaşımaya start veriləcək. Sözügedən dəmiryolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində də danışıqlar aparılır. İndiyədək bu xətt vasitəsilə 300 min ton yük daşınıb. Qazaxıstan tərəfindən əlavə yüklərin cəlbi ilə əlavə 500-600 min ton yük daşına bilər.

Sədaqət Süleyman