Azərbaycanda dekabrın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-15° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunundan 767 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 19-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.