Yüksək hərarət, baş ağrısı, əzginlik, boğaz acışması, öskürək adi infeksiya virusu kimi görünə bilər. Lakin bu, həkimlərin ciddi narahatlığına səbəb olan “quş qripi” adlanan xəstəliyin ilk əlamətləridir. Olduqca təhlükəli xəstəliyin qarşısını almaq məqsədilə dünyanın inkişaf etmiş ölkələrində daimi monitorinqlər keçirilir.

Quşlarda qrip xəstəliyinin geniş yayılmasına səbəb törədicinin iki tipindən mutasiya nəticəsində 3-cü yeni yüksək patogen tipin əmələ gəlməsidir.

Ölkə ərazisində yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə növbəti monitorinqlər keçirilib. 16-20 dekabr tarixlərini əhatə edən epizotoloji monitorinqlər Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli Park və Təbiət Qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də ölkəmizin dənizsahili zonalarını əhatə edir.

Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının keçirdiyi monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə ölkə ərazisində rast gəlinməyib.

Nuray Mustafa