Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunda və Abşeron rayonunun Məmmədli kəndində bir qrup şəhid ailəsinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara 30 yeni mənzil təqdim edilib.
Qaradağda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov Prezident İlham Əliyevin əhalinin həssas qruplarına xüsusi qayğısının bir təzahürü kimi, şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə şəhid ailələri və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib, bu il isə həmin kateqoriyalardan olan vətəndaşlara ötənilkinə nisbətən 50 faiz çox, yəni 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan böyük əksəriyyəti artıq verilib. Təqdim edilən mənzillərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb.
İmtiyazlı kateqoriyadan olan vətəndaşların nazirlik tərəfindən avtomobillə təminatında da mühüm addımlar atılır. 2018-ci ildə onlara 265 avtomobil verilib, bu il isə 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub və indiyədək onlardan da 500-ə yaxın avtomobilin verilməsi artıq təmin edilib. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlara indiyədək 6465 minik avtomobili verilib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar onlara göstərilən yüksək qayğıdan, şəhid ailələrinin, müharibə əlillərinin sosial təminatının daim gücləndirilməsindən razılıqla bəhs edib, bu istiqamətdə atılan mühüm addımlara, bu gün isə yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara qayğı daim artırılır. Habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı işləri ildən-ilə gücləndirilir.
Nazir müavini bildirib ki, indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzil və fərdi evlərin sayı artıq 7208-ə çatıb. Qarşıdakı dövrdə də bu istiqamətdə işlər uğurla davam etdiriləcək.
A.Kərimov ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşların avtomobillə təminatı tədbirlərindən də bəhs edib.
Tədbirdə 2019-cu il ərzində ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində atılan mühüm addımlar diqqətə çatdırılıb. Cari ildə şəhid ailələrinə, müharibə əlillərinin təqaüdlərinin, ümumən əlilliyi olan şəxslərin müavinətlərinin də orta hesabla 100 faiz artırıldığı bildirilib.
Qeyd edək ki, Abşeron rayonunda mənzillə təmin olunan şəhid ailələri sırasında Azərbaycanın Milli Qəhrəmanı Mətləb Quliyevin ailəsi də var. Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil təqdim edilib.