Dövlət başçısının Fərmanına əsasən icbari tibbi sığortanın tətbiqi ilə bağlı gələn ildən yeniliklər gözlənilir. Hazırda tətbiq edilən pilot layihədən isə xeyli sayda vətəndaş yararlanıb.
Layihə çərçivəsində unikal əməliyyatlar da reallaşır. Belə ki, ilk dəfə olaraq hamilə qadın üzərində açıq ürək əməliyyatı aparılıb. Əməliyat 3 saat davam edib. Ülkər Həmidova anadangəlmə ürək qüsuru ilə doğulub. Lakin bu yaşına kimi xəstəliyi barədə heç bir məlumatı olmayıb.
22 yaşlı Ağdaş rayon sakini hamiləlik dövründə müayinə keçən zaman ona anadangəlmə ürək qüsuru diaqnozu qoyulub. Xəstəni əməliyyat edən cərrah Seymur Musayevin sözlərinə görə, əməliyyat çətin və riskli olsa da, uğurla icra edilib.
Qeyd edək ki, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta pilot layihə şəklində tətbiq edilir. Əhalisi 340 min nəfər təşkil edən pilot ərazilərdə sığortaolunanlar və 30 minə yaxın məcburi köçkün icbari tibbi sığotanın baza zərfi çərçivəsində ödənişsiz tibbi xidmətlərlə təmin edilir. Baza zərfinə 1829 adda tibbi xidmət daxildir. Tibbi xidmətlər sırasında açıq ürək əməliyyatları kimi vacib və dəyəri yüksək xidmətlər yer alır.
Onu da deyək ki, vətəndaşlar pilot ərazilərdə göstərilməsi mümkün olmayan tibbi xidmətləri İcrabi Tibbi Sığorta Agentliyi ilə müqaviləsi olan digər tibb müəssisələrində əldə edə bilirlər.
Onu da bildirək ki, gələn ilin sonunadək icbari tibbi sığortanın tətbiqi bütün ölkə ərazisini əhatə edəcək.
Sədaqət Süleyman