Sərnişinlərin mənzilbaşına rahat və təhlükəsiz çatdırılması məqsədilə ilə ölkəmizə daha 25 iritutumlu avtobus gətirilib. Bu avtobuslar da digərləri kimi kart sistemi ilə işləyir, lakin əvvəlkilərdən fərqli olaraq yeni avtobuslar Avro-6 standartlarına cavab verir.

Ekoloji standartlara uyğun müasir avtobuslar Türkiyə istehsalıdır. Uzunluğu 12 metr olan nəqliyyat vasitələrində kart oxuyan cihazlar quraşdırılacaq. Avtobuslar Xırdalan sakinlərinin istifadəsinə veriləcək.

Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə ölkə başçısının sərəncamına əsasən, il ərzində ölkəmizə 300 yeni avtobus gətirilib. Onlardan 280-i artıq sərnişinlərin istifadəsindədir. Ümumilikdə son illər nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan Koroğlu Nəqliyyat Mübadilə Mərkəzidir.

Sərnişindaşıma sahəsində növbəti ildə də bir sıra layihələrin tətbiqi nəzərdə tutulub.

Nuray Mustafa