Hər yerdə olduğu kimi, ölkəmizdə də Yeni il ab-havası yaşanır. Bakıda isə Yeni ilin gəlişi xüsusilə fərqlidir. Təkcə bir məkanda - Mərkəzi Parkda olmaq kifayətdir ki, bu fərqliliyi hiss edəsən.
Şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etmək. Bu, Mərkəzi Parkın yaradılmasında əsas məqsəddir. Ərazisi 20 hektar olan Mərkəzi Parkın 14 hektarı başdan-başa yaşıllıqdır. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. İndi - qışın oğlan çağında parkın ən gözəl ağacı Yeni il şamıdır.
Paytaxtdakı ən hündür Yeni il şamı məhz Mərkəzi Parkda qurulub. Onun hündürlüyü 15 metr, diametri isə 6 metrdən çoxdur.
Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Elə buna görə də havanın soyuq və yağmurlu olmasına baxmayaraq Mərkəzi Park ziyarətsiz qalmır.
Qeyd edək ki, Mərkəzi Park Avstriya memarı Yens Hoffman tərəfindən layihələndirilib.
Ayşəm Rüstəmova