Ölkə başçısının sərəncamına əsasən ictimai nəqliyyatda xidmətlərin təhlükəsizliyinin və keyfiyyətinin artırılması istiqamətində görülən işlər uğurla davam etdirilir. Bu işlər çərçivəsində Bakıətrafı qəsəbə və kəndlərdə yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə xəttə yeni avtobuslar buraxılır.

Belə ki, Binə qəsəbəsinə hərəkət edən 160 saylı marşrut xəttinə yeni, müasir tələblərə cavab verən 20 avtobus buraxılıb.

Avtobusların yenilənmə səbəbi Binə qəsəbəsindən şəhər istiqamətinə hərəkət edən 160 saylı marşrutun sərnişinlərin tələbatını ödəyə bilməməsidir.

Avtobuslardan sağlamlıq imkanları məhdud şəxslərin, hamilə və uşaqlı şəxslərin rahat istifadə etməsi üçün xüsusi yerlər və panduslar mövcuddur.

Yeni avtobuslar bu gündən etibarən Binə qəsəbəsi sakinlərinin ixtiyarına verilib.

Bununla yanaşı, prezident İlham Əliyevin tapşırığına əsasən, ölkəyə gətirilməsi nəzərdə tutulan 300 avtobusun 280-i artıq Bakıdadır. Avro-6 standartlarına cavab verən 18 metrlik 20 avtobus isə yanvarın ortalarınadək paytaxtda olacaq.

Sabir Bilalov