Bayram ərəfəsində metro stansiyalarının birində “Bakı Metropoliteni” QSC tərəfindən daha bir fərqli sosial layihə həyata keçirilib. Sərnişinlərin görüşünə Yeni il qəhrəmanları Şaxta baba və Qar qız gəlib. Həmçinin stansiyada retro qatarların nümayişi olub.

Nümayiş “İçərişəhər” stansiyasında həyata keçirilir. Onların içərisində tarixi olduqca qədim olan “A” tipli qatarlar da var. Bu qatarlar yanvarın 1 -dək sakinlərin ixtiyarındadır.

Nümayişə çıxarılan “A”, “Q” qatarları ilə yanaşı, 2009-cu ilə qədər Bakı metrosunda sərnişinlərə xidmət etmiş “E” tipli vaqonlar da yer alıb. Bu vaqonlar orta və yaşlı nəsil üçün olduqca əlamətdardır. Çünki vaqon özündə dövrünün ab-havasını əks etdirir. Vaqonlar “İçərişəhər” stansiyasında hərəkətin olmadığı 1-ci baş yolda sərgilənir.

Bundan başqa, sərnişinlərin bayram əhvalını yüksəltmək məqsədilə “İçərişəhər” stansiyasında bayram şənliyi keçirilib.

Yeni il ərəfəsində ənənəyə uyğun olaraq şəhərin mərkəzində yerləşən və sərnişinlərin sıx olduğu stansiyalarda konsert proqramı təşkil edilib. Bu dəfə ənənəvi konsert proqramında yenilik də olub. Canlı musiqi 3 metrostansiya - “28 May”, “Sahil” və “İçərişəhər”də sərnişinlər üçün əsl bayram ovqatı

Köhnə ilin son sosialyönümlü layihəsini həyata keçirmək məqsədilə metroda sərnişinləri fərqli formada hər iki bayram münasibətilə təbrik edən sosial çarxlar hazırlanıb. Respublikanın məşhur simalarının səsləndirdiyi təbrik videoları metropolitenin monitorlarında, bununla yanaşı, sosial şəbəkələr və televiziya kanallarında da nümayiş etdirilir.

Qeyd edək ki, bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtdakı bayram şənlikləri ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə saat 01:00-a qədər stansiyalar sərnişinlərin üzünə açıq olacaq.

Nuray Mustafa