Prezident İlham Əliyevin tapşırığı əsasında yenidənqurmadan sonra istifadəyə verilən Protez-Ortopedik Bərpa Mərkəzi artıq vətəndaşların xidmətindədir. Müasir standartlara cavab verən Mərkəz il ərzində 15 mindən çox insana xidmət göstərəcək.
Bura 2 hissədən ibarətdir: vətəndaşların stasionar qəbulu və istehsal sahəsi. İstehsal olan sahədə müxtəlif növ protezlər, ortopedik ayaqqabılar, ortezlər və korsetlər hazırlanır.
Hər cür şəraitin yaradıldığı Mərkəzdə avadanlıqlar, tibbi və reabilitasiya aparatları yenilənib. Burada həm əlilliyi olan şəxslər, həm də Qarabağ qazilərinin müalicəsi həyata keçirilir. Ümumilikdə, mərkəzin il ərzində 15 mindən çox insana xidmət göstərməsi nəzərdə tutulub. Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionarlarında 732 şəxsə reabilitasiya xidmətləri göstərilib. Bu il 4 minə yaxın reabilitasiya vasitəsi bölgələrdə yaşayan və paytaxta gələ bilməyən 800-dək əlilliyi olan şəxsin yaşadığı ünvana çatdırılıb.
Mərkəzdə Almaniya şirkəti ilə birgə yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub. Bu isə karbon plastik ayaqların və silikon içlikli protezlərin hazırlanması prosesini daha da təkmilləşdirəcək.
Sözügedən Mərkəzdə müxtəlif protez-ortopedik vasitələrin hazırlanması ilə yanaşı, müasir bionik protezlərin də düzəldilməsi həyata keçiriləcək. Hazırda mərkəzdə 200-dən çox əməkdaş çalışır ki, onların 20 nəfəri əlilliyi olan şəxslərdir. Vətəndaşlara təqdim olunan aşağı ətraf protezləri 40-50% insan orqanının funksiyalarını əvəz edir. Növbəti mərhələdə protezlər 60-70, sonrakı illərdə isə 80 faizə qədər insan orqanının funksiyasını yerinə yetirəcək.
Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan sosial-infrastruktur layihələrinin davamı kimi Naftalan, Yevlax, Mərdəkan Reabilitasiya mərkəzləri artıq fəaliyyətə başlayıb. Gəncədə pensiyaçılar üçün sosial xidmət müəssisəsi və Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Ötən il başlayan işlərin icrası olaraq bu il də 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub.
Nuray Mustafa