Ölkədə turizm sahəsində daha bir yenilik: Turizm Agentlikləri Assosiasiyası tərəfindən bu sahənin nümayəndələri üçün etik kodeks hazırlanıb. Tövsiyə xarakterli sənədin yaradılmasında məqsəd ümummilli maraqlardan çıxış edərək turizm sahəsinin inkişafıdır. Həmçinin Assosiasiya onunla üzv olan turizm şirkətləri ilə ikitərəfli müqavilə imzalayacaq. Qarşıya qoyulan hədəf isə 2023-cü ilə qədər Azərbaycana gələn əcnəbi qonaqların sayını 4 milyona çatdırmaqdır.
Azərbaycan yerli turistlərlə yanaşı, həm də xarici qonaqların diqqət mərkəzindədir. Təkcə ötən il buraya üz tutan turistlərin sayının 3 milyondan çox olması bunu bir daha sübut edir.
Bu sahədə atılan ən uğurlu addımlardan biri də həmin tövsiyə xarakterli sənədin hazırlanmasıdır. Söhbət “Turizm sektroru nümayəndələrinin Etik Kodeksi”ndən gedir. Burada göstərilən qaydalar əcnəbi qonaqlarla yanaşı yerli turistlərə də şamil olunur.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının mətbuat katibi Orxan Bədəlovun sözlərinə görə, etik kodeks hazırlanarkən beynəlxalq təcrübədən istifadə olunub.
Sənəddə turistlərin düzgün qarşılanması və yola salınması, onlara keyfiyyətli xidmətin göstərilməsi, təhlükəsizliyi və məmnunluğunun təmin edilməsi əksini tapıb. Həmçinin burada turizm subyektlərinin və turistlərin hüquq və vəzifələri də göstərilib.
Etik kodeksdən əlavə, turizm bazarında arzuolunmaz halların qarşısının alınması məqsədilə Turizm Agentlikləri Assosiasiyası onunla üzv olan 50 turizm şirkəti ilə ikitərəfli müqavilə imzalayacaq. Həmin şirkətlər də öz növbəsində müştəriləri ilə bu tipli saziş bağlayacaqlar.
Bütün bu addımlar bir daha onu sübut edir ki, ölkədə turizmin inkişafı ilə bağlı hədəflər böyükdür. Xarici turistlərin sayındakı artım tendensiyası bu il də davam etdiriləcək. Belə ki, bu il artımın 10%-dən çox olacağı ehtimal olunur.
Niftulla Məmmədli