Bakı şəhərində 163 min sənədsiz daşınmaz əmlak üzrə araşdırmalar yekunlaşdırılıb.

Digər şəhər və rayonlarda 74 600 sənədsiz daşınmaz əmlak aidiyyəti yerli komissiyalar tərəfindən araşdırılıb. Ümumilikdə, Bakı şəhəri də daxil olmaqla respublika üzrə 57 rayon və şəhərdə işlər aparılıb.

Daşınmaz əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizəsi zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirsə, onun dövlət reyestrində qeydiyyata alınması üçün problem olmayacaq.

Uzun illərdir ki, çıxarışsız qalan mənzillərin qeydiyyata alınmasından həm də büdcə qazanacaq. Evlərin qeyri-leqal yolla dövriyyəsi dayandırılacaq. Bu, həm iqtisadi cəhətdən, həm də həyat şəraiti baxımından vətəndaşlar üçün vacibdir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur.

Fərdi yaşayış evlərinin sənədləşdirilməsi digər sektorların da gəlir əldə etməsinə və vergi ödəməsinə şərait yaradacaq. Sığorta şirkətləri daşınmaz əmlakın icbari sığortalanmasından xeyli ödəniş əldə edə biləcəklər ki, bu da sığorta bazarının canlanması üçün mühüm amildir.

Xatırladaq ki, əmlakın illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, rayonlarda 30 manat müəyyən edilib. Bu da vətəndaşların əmlaklarını bir çox risklərdən qorumağa imkan verir. Bu gün evlərin sənədlərinin olmaması vətəndaşların həmin xidmətlərdən yararlanmasına əngəl törədir. Fərdi yaşayış evlərinin çıxarışlarla təmin edilməsi bankların da işini canlandıra bilər: vətəndaşlar evlərini girov qoyaraq kreditlərdən yararlana biləcəklər.

Sənədsiz tikililərin rəsmiləşdirilməsi ilə bağlı işlər aprel ayınadək tamamlanacaq.

Ayşəm Rüstəmova