Azərbaycanın su sərhədlərinin qorunmasında Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi mühüm rol oynayır. Dövlət başçısının tapşırıqlarına əsasən, Sahil Mühafizəsinin maddi-texniki bazası ən müasir silahlar, gəmilər, qayıqlar və digər mühüm avadanlıqlarla zənginləşdirilir. Həmin texnikalardan biri də “Tufan” tipli sərhəd gözətçi gəmisidir.
“Tufan” tipli sərhəd gözətçi gəmiləri Sahil Mühafizəsinin istifadəsində olan texnikalar arasında xüsusi yer tutur. Gəmilərin su tutumu 470 ton, uzunluğu 62 metrdir. Gəmilər dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmini istiqamətində xidməti vəzifələri icra edir.
Yollarda təhlükəsizliyə yol polisi nəzarət etdiyi kimi, dənizdə də gəmilərin düzgün trayektoriyada hərəkətini, sərhəd pozuntusunun qarşısının alınmasını Sahil Mühafizəsi təmin edir. Bütün mühüm qərarlar isə gəminin baş komanda məntəqəsində verilir.
Əgər şübhəli hal aşkarlanarsa, dərhal ekipaj üzvləri itisürətli qayıqlarla hədəfə doğru irəlləyirlər.
Dənizin ortasında günlərlə qalmaq, yəqin ki, çoxuna çətin gəlir. Ona görə də ekipaj üzvlərinin fövqəladə hallara hazır olması üçün onların fiziki, psixoloji hazırlıqları da vacib amillərdəndir. Bu məqsədlə gəmidə tez-tez müşavirələr, seminarlar təşkil olunur. Həmçinin heyətin asudə vaxtını səmərəli keçirməsi üçün gəmidə hər bir şərait yaradılıb.
Sabir Bilalov