Vətəndaşlara xidmət göstərərkən operativliyin və ədalət prinsipinin qorunması dövlətin yürütdüyü sosial siyasətin prioritetlərindəndir. Bu məqsədlə vətəndaş məmnunluğunu təmin etmək üçün bütün sahələrdə olduğu kimi, sosial sferada da xidmətlərin elektronlaşdırılması prosesi aparılır. Ötən ildən başlanılan pensiya, təqaüd və müavinət xidmətlərinin proaktiv qaydada təyinatı sözügedən məsələyə yönəlib. 2 pensiya və 19 müavinət-təqaüd olmaqla 21 sosial təminat növü üzrə vətəndaşlara yeni qaydalara əsasən xidmət göstərilir.
Yeni qaydaya əsasən, sosial təminat növləri üzrə ilkin olaraq vətəndaşlara yaşa görə əmək pensiyasının və əlilliyə görə pensiyaların proaktiv qaydada təyinatına başlanılıb. 16 mindən çox şəxsə elektron qaydada pensiya, 24 min vətəndaşa isə müavinət və təqaüd təyin edilib. Vətəndaşların hansısa quruma müraciətinə və sənəd təqdim olunmasına ehtiyac qalmır.
Hazırda proaktiv qaydada həyata keçirilən təyinatların sayının artırılması planlaşdırılır. Yanvar ayında ilk dəfə işə başlayan şəxslərin proaktiv qaydada qeydiyyata alınması prosesi də bunun əyani göstəricisidir. Yeni qaydaya əsasən sığortanın onlayn uçota alınması və əmək müqavilə bildirişinin qeydiyyatdan keçməsi ilə bağlı 2 xidmət vahid sistemdə birləşdirilir və proaktiv qaydada həyata keçirilir. Həmçinin cari il ərzində sosial təminat növləri üzrə 200 minədək təyinatın elektron şəkildə həyata keçirilməsi gözlənilir.
Niftulla Məmmədli