Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus ilk aşkar olunan Çinin Uhan şəhərindən Azərbaycana gələnlərlə bağlı birgə məlumat yayıb.
Qeyd edilir ki, gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.
"Yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar", - deyə əlavə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.