Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərə dair bəyan edilən məlumatların peykdən çəkilmiş fotolar və məsafədən zondlama metodları vasitəsilə yoxlanılması prosesi davam edir. Sistemin tətbiqində başlıca məqsəd şəffaflığın artırılması və  subsidiyaların əlçatanlığının asanlaşdırılmasıdır.

Peyk yoxlamaları “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları əsasında aparılır. Sistemin tətbiqi ölkə üzrə 18 rayonda reallaşdırılıb. Hazırda Cəlilabad, Neftçala, İmişli, Salyan, Şəki, Xızı, Kürdəmir və Şabran rayonlarında peyk yoxlamalarına başlanılıb. Sahələrdə hansı bitkinin əkildiyini də xüsusi cihazlar vasitəsi ilə müəyyən ediləcək. Uyğunsuzluq aşkarlandığı təqdirdə həmin ərazilər müvafiq yoxlamalara məruz qalacaq.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri  Firidun Tağıyev deyir ki, fermerlər bəyan etdikləri əkinə görə məsuliyyət daşıyırlar: “Monitorinqlər yekunlaşdıqdan sonra yoxlamalardan keçmiş fermerlərin subsidiyaları onların elektron kabinetində formalaşacaq".

Sahələrin peyk vasitəsi ilə çəkilməsi Kənd Təsərrüfatı Nazirliyinin coğrafi məlumatlar bazasına daxil edilən ortofotolar, müxtəlif vektorizasiya məlumatları əsasında araşdırılır. Növbəti mərhələdə yoxlama prosesinin aparılmasında dronların imkanları da sınaqdan keçiriləcək.

Samir Namiqoğlu