Bakı-Pirşağı-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilib. Yeni qatar reysləri əsasən sərnişinlərin pik olduğu saatlara əlavə edilib.
Məqsəd isə sərnişindaşımaya artan tələbatı təmin etməkdir. Bununla da bir istiqamətdə hərəkət edən qatarların sayı 8-dən 15-ə çatdırılıb.
Ümumiyyətlə isə Bakı-Pirşağı-Bakı elektrik qatarlarının fəaliyyətə başlaması ilə Pirşağı və yaxın ətrafda yaşayan minlərlə insanın şəhərə gəliş-gedişi xeyli asanlaşıb.
Xatırladaq ki, üatarla Zabrat-1, Zabrat-2, Məhəmmədi və Pirşağı stansiyalarına getmək və əks istiqamətdə qayıtmaq mümkündür.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakı dairəvi dəmir yolu xətti tam işə düşdükdən sonra avtomobil yollarındakı sıxlıq tədricən aradan qalxacaq, həmçinin yol qəzaları da azalacaq.
Qiymətlərə gəlincə, Bakı sərnişin stansiyasından hər iki Zabrat stansiyasına qədər ekonom sinif 60 qəpik, biznes sinif 1 manat 70 qəpik, Məhəmmədi stansiyasına qədər ekonom sinif 70 qəpik, biznes sinif 1 manat 80 qəpik, Pirşağı stansiyasına qədər isə ekonom sinif 80 qəpik, biznes sinif 1 manat 90 qəpik təşkil edir.
Qeyd edək ki, Bakı-Pirşağı-Bakı qatarı dekabrın 2-dən fəaliyyətə başlayıb.
Sədaqət Süleyman