Turizm şirkətlərində xidmət keyfiyyətinin yaxşılaşdırılmasına yönələn işlər davam etdirilir. Bu məqsədlə yeni növ sığorta tətbiq olunacaq. Söhbət mülki məsuliyyət sığortasından gedir. Sığortanın tətbiqində məqsəd turizm bazarının yaxşılaşdırılması və standartara cavab verən xidmətin göstərilməsidir. Bununla da sığorta şirkətləri vətəndaşlar qarşısında daha böyük öhdəliklər daşıyacaq.
Ölkədə turizm şirkətlərinin sayının artması bu sahənin inkişafı baxımından müsbət hal hesab olunur. Digər tərəfdən, bu artım keyfiyyətə mənfi təsir göstərir. Səbəb isə qısa müddətdə yaradılan, heç bir standartlara cavab verməyən, düzgün xidmət göstərməyən agentliklərin uzun illər turizm sahəsində çalışan şirkətlərin imicinə birbaşa təsir etməsidir. Bu da turistlər tərəfindən həmin şirkətlər haqqında ümumi mənfi rəy formalaşdırır. Belə halların qarşısının alınması məqsədilə tətbiq ediləcək mülki məsuliyyət sığortası vətəndaşların rahat səyahətinə hesablanıb.
Əgər turist seçdiyi otelin xidmətindən, qida məhsullarının keyfiyyətindən narazı qalarsa, cavabdehlik turizm şirkətinin üzərinə düşür. Hazırda 3000-dən çox turizm şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin reyestrə salınması səyahətə çıxan şəxsi rastlaşa biləcəyi hər hansı çətinlikdən qoruyur.
Bu xidmətin tətbiqi ölkəyə gələn turistlərin də sayının artmasına mühüm təsir göstərəcək.
Qeyd edək ki, 2019-cu ilin birinci yarısında Azərbaycana gələn xarici qonaqların sayı 1 milyon 400 minə çatıb. 2019-cu ilin ikinci yarısında gələnlərin sayında isə 17,2% artım olub. Turizm subyektlərinin keyfiyyətli və standartlara cavab verən xidmət göstərmələri üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən tövsiyə xarakterli “Etik Kodeks” hazırlanaraq ictimaiyyətə təqdim edilib. Həmçinin bu il turizm haqqında yeni qanunun qüvvəyə minəcəyi də gözlənilir ki, bu, turizm bazarının sağlamlaşdırılmasına xidmət edəcək.
Nuray Mustafa